Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 00:47

Jurnalist ovu davam edir


Şahnaz Bəylərqızı və Şəmşad Ağa
Şahnaz Bəylərqızı və Şəmşad Ağa

Bu həftə də jurnalist həbsləri ilə yadda qaldı. Daha iki jurnalist -- Şahnaz BəylərqızıŞəmşad Ağa həbs olundular. Onlar da, son 15 ayda həbs olunan həmkarları kimi, qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmirlər, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Jurnalistlərə qarşı 2023-cü ilin noyabrından başlayan həbs dalğasında ara-sıra bir neçə aylıq fasilələr verilib. Ötən ilin dekabrında MeydanTV əməkdaşları, yanvarda isə jurnalist Fərid İsmayılov ToplumTV işi çərçivəsində saxlanıb. Görünür, beynəlxalq qurumların çağırışlarına baxmayaraq, hakimiyyət tənqidçi mediaya təzyiqləri dayandırmaq niyyətində deyil. Rəsmilər israrla ölkədə fundamental azadlıqların qorunduğunu desələr də, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) artıq 21 jurnalistin saxlandığını yazır. Qurum Azərbaycanın ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer aldığını bildirir. Rəsmi Bakının mandatını təsdiqləmək üçün yanvarda nümayəndə heyəti göndərmədiyi AŞPA da ölkəni "repressiv” təqibləri dayandırmağa çağırıb.

Rus Evi
Rus Evi

'Əliyev Moskvanın casuslarını niyə tutmur?'

Jurnalistlərin evlərindən gecə saatlarında aparıldığı bir vaxtda hakimiyyətin nəzarətində olan mediada Azərbaycanla Rusiya arasında diplomatik gərginliklə bağlı xəbərlərin ardı arası kəsilmir. Bir müddət əvvəl hakimiyyətyönlü media kanalının casusluqda ittiham etdiyi Rus Evinin bağlanması üçün Azərbaycan XİN Rusiyaya nota göndərib. Bunu Rusiya tərəf də təsdiqləyib, Rus Evinin qeydiyyata alınmasından ötrü Bakıdan kömək istədiyini bildirib.

Bakı ilə Moskva arasında son gərginlik dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb. Azərbaycan prezidenti İlham Əliyev Moskvanı qəzanın gerçək səbəblərini ört-basdır etməkdə suçlayıb, üzrxahlıq, kompensasiya, cinayətkarların cəzalandırılmasını tələb edib. Onun rusiyalı həmkarı Vladimir Putin hadisəyə görə üzr istəsə də, hadisəyə görə ölkəsinin məsuliyyətini etiraf etməyib.

Bu həftə Qazaxıstan qəza ilə bağlı ilkin hesabatlını açıqladı. Hesabatda təyyarədə müxtəlif kənar elementlərin tapıldığı bildirilsə də, onların nədən qaynaqlandığı açıqlanmayıb.

Azərbaycan parlamentinin üzvü hesabatı "natamam" adlandırıb.

Bütün bu baş verənlər Bakı ilə Moskva arasında gerçəkdənmi soyuq yellərin əsdiyi barədə suallar yaradır. Axı, bir sıra ekspertlər zaman-zaman Azərbaycanın çoxdan Rusiyanın yanında yer aldığını, hər dəfə hansısa çəkişmədən sonra münasibətlərin daha da möhkəmləndiyini iddia edirlər. Digər qisim isə rəsmi Bakının daima çoxqütblü siyasət yürütdüyünü, bu zaman milli maraqlı əsas götürdüyünü vurğulayır. AzadlıqRadiosuna danışan bəzi ekspertlər münasibətlərin getdikcə pisləşə biləcəyi ehtimalını da istisna etməyiblər.

Ərəstun Oruclu
Ərəstun Oruclu

"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə sosial şəbəkə hesabında Azərbaycanın Rusiyaya qarşı sərt mövqeyinin özünü nədə göstərdiyini sual edir. Təhlilçi prezident İlham Əliyevin Qərbə ünvanlanan kəskin tənqidləri fonunda onlarla jurnalist, ictimai-siyasi fəalın həbs olunduğunu yada salır.

"Rusiyaya qarşı sərt mövqe nümayiş etdirən Əliyev bəs Moskvanın Azərbaycana qarşı ağır cinayətlər törətmiş casuslarını niyə həbs etmir? Yoxsa Azərbaycanda belələri yoxdur? Yoxsa Tərtər qətliamını və onlarla bu kimi cinayətləri törədənlər Anqola casusları imiş? Söhbət tutulmuş jurnalistlər kimi tənqid edənlərdən yox, işgəncə verən, qətl törədən, dövləti dağıdanlardan gedir", - Ə.Oruclu qeyd edir.

Emin İbrahimov
Emin İbrahimov

+++

Bu həftə Azərbaycanın rusiyapərəst siyasət yürütdüyünü deyən keçmiş diplomat Emin İbrahimovun da məhkəməsi başladı.

O, məhkəmədə hakimə deyib ki, "mənə 8 il verəcəksən. Bilə-bilə ki bu cinayət işinin bir cümləsinin də mənə aidiyyəti yoxdur".

Həm E.İbrahimovun, həm də AbzasMedia işi üzrə həbs olunmuş jurnalistlərin, o cümlədən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin məhkəməsi gələn həftə davam edəcək.

XS
SM
MD
LG