Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 19:07

Rusiya-Azərbaycan münasibətlərinə dair: 'Strateji müttəfiqlik kağız üzərində davam edir'


'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.

Fevralın 6-da Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, nota Rus Evinin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın onun ölkəsinin qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra çatdırılıb. "Bununla, Azərbaycan tərəfinin ölkəmizdə Rus Evinin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir", - XİN sözçüsü qeyd edib.

Zaxarova: "Qeydiyyatla bağlı tələbləri yerinə yetirməyə hazırıq"

Elə dünən, fevralın 6-da Rusiya XİN sözçüsü Mariya Zaxarova bununla bağlı Azərbaycandan nota aldığını təsdiqləyib. O, brifinq zamanı bildirib ki, illərdir müxtəlif xətlər vasitəsilə Rus Evinin qeydiyyatı ilə bağlı Azərbaycana müraciətlər olunub, amma nəticəsi olmayıb.

Eyni zamanda, M.Zaxarova qeyd edib ki, Rus Evinin Bakıda qeydiyyata alınması ilə bağlı tələbləri yerinə yetirməyə hazırdırlar.

"Rossotrudniçestvo" agentliyinin rəhbəri Yevgeni Primakov da "Rossiya 24" kanalına demişdi ki, Bakıdakı Rus Evi icarəyə götürdüyü binanı ayyarım ərzində tərk etməlidir: "Sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə, hələlik, fasilə götürüb".

Asim Mollazadə
Asim Mollazadə

Milli Məclis üzvü: "... çoxdan ehtiyac var idi"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu ilə bağlı "Turan"a bildirib ki, Rus Evinin Azərbaycandakı fəaliyyətinə xitam verməyə çoxdan ehtiyac var idi: "Bu təşkilat Azərbaycanda bizim dövlət maraqlarına zidd fəaliyyət göstərirdi. Azərbaycan buna bənzər qərarı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də həyata keçirib".

Deputatın sözlərinə görə, Azərbaycanın kifayət qədər özünün imkanları var ki, hansısa ölkələrlə əməkdaşlığı özü təmin etsin: "Məncə, "Rossotrudniçestvo"nun xarici kəşfiyyat idarəsi kimi Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur".

M.Zaxarova Bakıdakı Rus Evinin ünvanına ittihamları "absurd" adlandırmışdı. "Başa düşürük ki, burada bu mövzu "ortaya atıldı" və yayıldı. Bütün bunlar bizim münasibətlərimizin səviyyəsinə və hər zaman haqqında danışdığımız potensiala uyğun deyil", - Zaxarova deyib.

Bu məsələnin iki dövlət arasında münasibətlərə təsiri məsələsinə gəldikdə isə, A.Mollazadənin fikrincə, Rusiyanın Azərbaycanla bağlı hansısa imkanları azalırsa, o, bundan məmnun qalmayacaq: "Amma Azərbaycan bir sıra çoxşaxəli əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın istəyi bütün qonşularla normal əməkdaşlıq qurmaq və qarşılıqlı maraq doğuran məsələlərdə tərəfdaşlığı təmin etməkdir".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Münasibətlərin getdikcə pisləşməsi ehtimalı artacaq"

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Rus Evinin bağlanması münasibətlərə gərginlik gətirən səbəb yox, məhz gərginləşmiş münasibətlərin nəticəsidir: "Nəticə etibarilə bu gərginləşən münasibətlərdən sonra tərəflər bir-birinə qarşı əllərində olan müəyyən kozırlardan istifadə edirlər".

Ekspertin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində getdikcə daha da gərginləşmə tendensiyası diqqət çəkir: "Faktiki olaraq Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında bu ölkənin silahlı qüvvələri tərəfindən vurulmasına baxmayaraq, Rusiya məsuliyyəti üzərinə götürmək və üzərinə düşən digər qanuni öhdəliklərini yerinə yetirmək istəmir. Bu da haqlı olaraq Azərbaycan tərəfinin israrı davam etdirməyinə gətirib çıxarır".

Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsi Aktauda qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Azərbaycan prezidenti İlham Əliyev yerli mediaya deyib ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalıb, idarəetməni tam itirib.

Elə təyyarənin kənar müdaxiləyə məruz qalması ilə bağlı versiya qəzanın baş verdiyi ölkənin-Qazaxıstanın apardığı təhqiqatla bağlı yaydığı ilkin hesabatda da təsdiqlənir. Rusiya prezidenti Vladimir Putin isə azərbaycanlı həmkarına zəng edərək başsağlığı verib və hadisənin Rusiya səmasında baş verdiyinə görə üzr istəyib. Ancaq Rusiya hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib. Azərbaycan həm məsuliyyətin müəyyən olunması və həm də kompensasiya ödənilməsini tələb edir.

N.Məmmədli hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi təkcə bu amillə bağlı deyil: "44 günlük müharibədən sonra bu dönəm ərzində münasibətləri gərginləşdirəcək bir sıra amillər rol oynayıb. Xüsusilə də Rusiya öz sülhməramlılarını Azərbaycanın Qarabağ ərazisinə göndərərkən heç də bunun 5 illik müddəti ilə məhdudlaşdırmaq istəmirdi. Amma Rusiya-Ukrayna müharibəsində Rusiyanın üzləşdiyi problemlər elə bir vəziyyət yaratdı ki, Azərbaycan Rusiyanı bu bölgədən çıxmasına nail ola bildi və separatçılığın kökünü kəsdi. Bu da Rusiyanın maraqlarına tam tərsinə düşən yanaşma idi".

Onun fikrincə, iki dövlət arasında strateji müttəfiqlik münasibətləri sadəcə kağız üzərində davam edir: "Münasibətlərin getdikcə pisləşməsi ehtimalı artacaq".

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında "...müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.

XS
SM
MD
LG