'Belə hiss var idi ki, pis bir şey yaxınlaşır' - Müharibədən qaçan rusiyalıların xatirələrindən

Rusiyalı miqrantlar Gürcüstanla sərhədi keçir

Hələ Rusiya Ukraynaya qarşı tammiqyaslı işğalçı müharibəyə başlamazdan əvvəl Rusiyanın şimal bölgələrindən birində yaşayan proqramçı Pyotr ölkədə vəziyyətin getdikcə pisləşdiyini hiss edib. 2022-ci il fevralın 24-də genişmiqyaslı hücum başlamazdan az əvvəl o və həyat yoldaşı ölkəni tərk etməyə qərar veriblər.

"Rusiyada vəziyyət çox qorxulu idi. Elə bil, nəsə pis bir şey baş vermək üzrə idi", – o, AzadlıqRadiosunun rus xidmətinə bildirib.

Ölkədən qaçan bir çoxları kimi, Pyotr da tam adının, həyat yoldaşının adının və doğulduğu bölgənin açıqlanmamasını xahiş edib. Pyotr əvvəlcə Türkiyəyə, sonra Gürcüstana gedib. Lakin yeni gələnlərə görə bu ölkələrdə kirayə qiymətlərinin və yaşayış xərclərinin artırması səbəbindən o, Tailanda köçməli olub. Sonda isə yenidən Gürcüstanın paytaxtı Tbilisiyə qayıdıblar.

"Burada qalmaq istəyirik. Gürcüstan ruhumuza yaxındır, bir növ azadlığı hiss edirik", – o bildirib.

Müharibənin başlamasından, demək olar ki, üç il keçməsinə baxmayaraq, yüz minlərlə rusiyalı hələ də ölkəsinə qayıtmayıb. Onların bir qismi müharibədən, digərləri isə siyasi repressiyalardan – yaxud hər ikisindən qaçıb.

2024-cü ilin iyulunda "The Bell" adlı onlayn xəbər saytının keçirdiyi araşdırmaya görə, təxminən 650 min rusiyalı hələ də xaricdədir.

Bu miqrasiya dalğası əvvəlcə 2022-ci ilin fevralında başlayan işğaldan, daha sonra isə həmin ilin sentyabrında prezident Vladimir Putinin səfərbərlik elanından sonra baş verib.

Pyotr və həyat yoldaşının köçdüyü Gürcüstandan başqa, digər ölkələr arasında ən çox rusiyalıların getdiyi yerlər Ermənistan, Türkiyə, Qırğızıstan və Qazaxıstandır.

Bir neçə Avropa universiteti tərəfindən müharibənin ilk iki ili ərzində keçirilən sorğular Rusiyanı tərk edənlərin əksəriyyətinin siyasi baxımdan aktiv, ali təhsilli və orta rusiyalılardan daha yaxşı maliyyə vəziyyətində olduğunu göstərib. Emiqrantların çoxu 20 ilə 40 yaş arasındadır və bir çoxu ya öz işlərini qurub, ya da texnologiya, dizayn və yaradıcılıq sahələrində çalışır.

"Moskvada həmişə təzyiq altında yaşayırsan"

Biznes-kouç olan Marina da 2022-ci ilin fevralında Rusiyanı tərk edərək Gürcüstanın liman şəhəri Batumiyə köçüb.

"Moskvada işləməyin artıq mümkün olmadığını başa düşdüm. Moskvadakı mənzilimi satdım, burada başqa bir mənzil aldım və yaşamaq üçün köçdüm. Bura gəldiyim anda dərhal azadlığı hissi etdim. Moskvada həmişə təzyiq altında yaşayırsan, amma burada istədiyini deyə bilərsən, istədiyini edə bilərsən. Burada polisdən heç kim qorxmur: Onlar insanlara kömək edirlər, onları təqib etmirlər", - o, AzadlıqRadiosuna deyib.

Sankt-Peterburqdan saç ustası olan Olqa isə həyat yoldaşı və üç uşağı ilə iki ildən çoxdur İspaniyada yaşadığını söyləyib. Onun həyat yoldaşı sosial mediada müharibəyə qarşı açıq şəkildə çıxış etmiş və müharibəyə qarşı keçirilən ictimai aksiyalara qatıldığına görə cərimələnmişdi.

"Biz bildirdik ki, həyat yoldaşım Rusiyada müharibə əleyhinə fikirlərinə görə həbs edilə bilər və oğlum orduya çağırılıb müharibəyə göndərilə bilər", – o bildirib.

Olqa, İspaniya qanunlarına əsasən, tez bir zamanda siyasi sığınacaq aldıqlarını qeyd edib. O, rusdilli müştərilərə xidmət edən bir salon açmağa müvəffəq olsa da, həyat yoldaşının gəlir əldə etməkdə çətinlik çəkdiyini bildirib.

Rusiyanı tərk edənlərin bəziləri müharibə ilə bağlı qarışıq fikirlərə sahibidir – bu, həm Rusiyada, həm də xaricdə aparılan sosioloji araşdırmalarda özünü göstərir: Mühacirət edənlər müharibəyə tamamilə qarşı olmayan, amma eyni zamanda onu dəstəkləməyən insanlardır.

Mütəxəssislər 1917-ci il inqilabından sonra olduğu kimi, çox sayda rusiyalı mühacirin geri dönməyəcəyini düşünürlər, çünki bir çoxu getdikləri ölkələrə inteqrasiya edib və ya sadəcə olaraq repressiv siyasətdən uzaq qalmağı seçirlər.