Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərlə bağlı müzakirə aparıb

Hərbi dəbilqə

Fevralın 7-də Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası Komissiyasının nümayəndələri görüşüb.

Azərbaycan komissiyasının məlumatına görə, görüş iki ölkənin dövlət sərhədində gerçəkləşib.

"Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilir.

Azərbaycan tərəfinin açıqlamasına görə, İkinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi onlardan altı hərbçi qeydiyyata düşüb.

Həmin müharibə ilə bağlı Ermənistan tərəfindən itkinlərin sayı 215 açıqlanmışdı.

Ermənistan Nazirlər Kabinetinin hesabatına görə, Birinci Qarabağ müharibəsi nəticəsində onlardan və Qarabağın erməni mənşəli sakinlərindən 777 şəxs itkin düşüb.

Azərbaycan tərəfi isə Birinci Qarabağ müharibəsində 3977 şəxsin itkin düşdüyünü, onlardan 1673-nün azad edildiyini açıqlayıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində yenidən alovlanan Qarabağ münaqişəsi sonradan Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 16 illik atəşkəsdən sonra, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

2023-cü il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam edir.