Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi

Anar Əliyev

Anar Əliyev Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı fevralın 7-də sərəncam imzalayıb. O buna qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. Ondan əvvəl də həmin nazirlikdə Aparat rəhbəri vəzifəsində çalışıb.

1980-ci ildə doğulan A.Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

O, əmək fəaliyyətinə 1 saylı Yerli İqtisad Məhkəməsində məhkəmə iclasının katibi kimi başlayıb. 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Sahil Babayev maliyyə naziri oldu

Sahil Babayev Azərbaycanın maliyyə naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı fevralın 5-də sərəncam imzalayıb.

Bundan əvvəl isə o, prezidentin başqa bir sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

S.Babayev 2018-ci ilin aprelindən həmin vəzifəni tuturdu.

Onun bu vəzifədə sələfi (2006-cı ildən) Samir Şərifov olmuşdu. Prezident yanvarın 10-da onu həmin vəzifədən çıxarmışdı.

Ölkədə pensiya və müavinətlərin azlığından şikayət edən bir çox sosial şəbəkə istifadəçiləri bununla bağlı bəzən S.Babayevi tənqid ediblər. Amma bir çox ekspertlər də vurğulayıblar ki, qanunvericilikdə də əks olunduğu kimi, ölkədə maaş və pensiyaların artırılması hər hansı nazirlərdən asılı məsələ deyil.