Şolts Ukraynaya 'Taurus' raketlərinin göndərilməsini yenidən rədd edib

Olaf Şolts və Fridrix Merts seçki debatlarında.

Almaniya kansleri Olaf Şolts Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin göndərilməsini bir daha istisna edib. O, Rusiyanın dərinliklərinə qədər "dağıdıcı silahlar" çatdıracaq addımlara qarşı çıxaraq, bu məsələdə daha açıq mövqe sərgiləyən mühafizəkar siyasi rəqibi Fridrix Mertsi tənqid edib.

"Mən dağıdıcı silahların Rusiyanın dərinliklərinə göndərilməsini doğru hesab etmirəm", – Şolts fevralın 9-da, iki həftə sonra keçiriləcək milli seçkilər ərəfəsində yayımlanan 90 dəqiqəlik televiziya debatında bildirib.

"Hesab edirəm ki, bu, Almaniya qarşısında məsuliyyət daşıyan birinin atmamalı olduğu addımdır", – Şolts əlavə edib.

Mühafizəkar Xristian Birliyin (CDU/CSU) lideri və Şoltsun mərkəz-sol Xristian Demokrat Partiyasına (SPD) qarşı sorğularda üstünlük qazanan F.Merts isə Ukraynaya "Taurus" raketlərinin göndərilməsi mövzusunda mövqeyinin "həmişə çox aydın" olduğunu bildirib.

"Mən həmişə bildirmişəm ki, qanadlı raketlərin tədarükü Avropa İttifaqı səviyyəsində qərara alınmalıdır. ABŞ tədarük edir, Fransa tədarük edir, Britaniya tədarük edir; biz də tədarük etməli idik", – Merts vurğulayıb.

İlkin rəy sorğuları debatda hər iki siyasətçinin çıxışını təxminən bərabər qiymətləndirib.

Şolts və Merts fevralın 19-da yenidən üz-üzə debatda görüşəcəklər. Bundan əvvəl, fevralın 16-da isə onlar "Almaniya üçün Alternativ" (AfD) partiyasının lideri Alisa Vaydel və Yaşıllar Partiyasından vitse-kansler Robert Habek ilə dördtərəfli debatda iştirak edəcəklər.