Fevralın 10-da prezident Donald Tramp ABŞ-yə idxal olunan bütün polad və alüminium məhsullarına 25 faiz tarif tətbiq olunduğunu elan edib.
O, alüminium üçün tarif dərəcəsini əvvəlki 10 faizdən 25 faizə yüksəltməklə yanaşı, həm də ölkə istisnalarını, kvota razılaşmalarını, hər iki metal üçün məhsula xas tarif istisnalarını ləğv edən fərmanlar imzalayıb.
Ağ ev rəsmisi qərarların martın 4-dən qüvvəyə minəcəyini bildirib.
Yeni tariflər əvvəllər istisnalar çərçivəsində Birləşmiş Ştatlara Kanada, Braziliya, Meksika, Cənubi Koreya və digər ölkələrdən rüsumdan azad şəkildə gətirilən milyonlarla ton polad və alüminium idxalına şamil ediləcək.
Tramp Ağ evdə jurnalistlərə bildirib ki, bu addım metallara tətbiq olunan tarifləri sadələşdirəcək. "Bu, istisna və ya güzəştlər olmadan 25 faizdir. Mənşəyindən asılı olmayaraq, bütün ölkələrə şamil olunur", –o vurğulayıb.
Tramp ABŞ ilə ticarət kəsiri səbəbindən Avstraliyanın polad tariflərindən azad olunmaq tələbinə "xüsusi diqqətlə" yanaşacağını bildirib.
Prezidentin ticarət müşaviri Piter Navarro isə son tədbirlərin ABŞ-nin polad və alüminium istehsalçılarına dəstək olacağını, həmçinin ölkənin iqtisadi və milli təhlükəsizliyini gücləndirəcəyini söyləyib: "Bu, yalnız ticarətlə məhdudlaşmır. Məqsəd, ABŞ-nin polad və alüminium kimi strateji sahələrdə xarici ölkələrə möhtac qalmamasını təmin etməkdir".
Mütəxəssislər isə hesab edir ki, bu tariflər qlobal iqtisadiyyatda dalğalanmalara səbəb ola bilər.
Tramp polad və alüminium idxalına 25 faiz rüsum elan edib
ABŞ prezidenti Donald Tramp fevralın 10-dan etibarən ABŞ-yə digər ölkələrdən idxal edilən polad və alüminiuma 25 faiz tarif tətbiq etmək niyyətində olduğunu açıqlayıb. ABŞ dövlət başçısı bu barədə jurnalistlərə bildirib.
"Reuters" xəbər verir ki, o, Amerika mallarına rüsum tətbiq edən digər ölkələrə qarşı cavab tariflərini isə fevralın 11-12-də açıqlayacağını bildirib və vurğulayıb ki, bu qərarlar dərhal qüvvəyə minəcək.
"Çox sadədir: əgər onlar bizə tarif tətbiq edirlərsə, biz də onlara tətbiq edirik", – Tramp qarşılıqlı tarif planı barədə danışarkən bildirib.
ABŞ hökuməti və Amerika Dəmir və Polad İnstitutunun məlumatlarına görə, ölkəyə ən çox polad idxal edən dövlətlər Kanada, Braziliya və Meksika, daha sonra isə Cənubi Koreya və Vyetnamdır.
İlk prezidentlik müddətində Tramp polad idxalına 25 faiz və alüminiuma 10 faiz tariflər tətbiq edib, lakin daha sonra ABŞ-nin bəzi ticarət tərəfdaşlarına - Kanada, Meksika və Braziliyaya rüsumsuz ticarət kvotası verib. Trampdan sonra prezident Co Bayden bu kvotaları Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına da şamil edib.