ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara və İsrailə qarşı istintaq başladan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəsmilərinə sanksiyalar tətbiq edən fərman imzalayıb.
Fevralın 6-da imzalanmış fərmanda Haaqa məhkəməsinin ABŞ və onun müttəfiqi - İsrailə qarşı "qeyri-legitim və əsassız" addımlar atdığı, məhkəmənin verdiyi qərarların Birləşmiş Ştatların hazırkı və keçmiş əməkdaşlarını, o cümlədən Amerika hərbçilərini birbaşa risk altına qoyaraq təhlükəli presedent yaratdığı qeyd olunub.
Sanksiyalar BCM rəsmilərinin, əməkdaşlarının və onların ailə üzvlərinin ABŞ-yə girişini qadağan edir və bu ölkənin yurisdiksiyasında olan aktivlərini dondurur. Sanksiyalar həmçinin məhkəmənin istintaqına yardım edən şəxslərə də şamil olunur.
Prezident Trampın bu fərmanı Haaqa məhkəməsinin haqqında həbs orderi çıxardığı İsrail baş naziri Benyamin Netanyahunun Ağ evdəki görüşündən bir neçə gün sonraya təsadüf edir.
Tramp 2020-ci ildə, birinci prezidentlik dövründə BCM-nin ozamankı prokuroru Fatu Bensuda və digər yüksəkvəzifəli rəsmilərinə qarşı maliyyə sanksiyaları və viza qadağası tətbiq etmişdi. Bu addım Bensudanın ABŞ hərbçilərinin Əfqanıstanda hərbi cinayətlər törətməsi ilə bağlı istintaqa başlamasından sonra atılmışdı.
Prezident Co Bayden 2021-ci ildə vəzifəyə başladıqdan qısa müddət sonra bu sanksiyaları ləğv etmişdi. Daha sonra BCM-nin baş prokuroru Kərim Xan Birləşmiş Ştatları faktiki olaraq Əfqanıstanla bağlı istintaqdan çıxartdı.
Avropa Komissiyası: BCM qlobal cəzasızlığa qarşı sərbəst mübarizə apara bilməlidir
Avropa Komissiyası xəbərdarlıq edib ki, ABŞ prezidenti Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiqi qərarı Rusiyanın Ukraynada törətdiklərinə qarşı ədalətin tələb olunmasını təhlükə altına alır.
"Komissiya Trampın qərarının nəticələrini izləyəcək və mümkün əlavə addımları dəyərləndirəcək", - Avropa Komissiyasının rəsmisi deyib.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen isə fevralın 7-də X sosial şəbəkə hesabında paylaşımında bildirib ki, "Avropa həmişə ədaləti və beynəlxalq hüquqa hörməti müdafiə edəcək".
"BCM beynəlxalq cinayətlərə görə məsuliyyəti təmin edir və dünyada qurbanların səsini eşitdirir. O, qlobal cəzasızlığa qarşı mübarizəni maneəsiz şəkildə aparmaq imkanına malik olmalıdır", – o qeyd edib.