Tramp Putinlə danışıqları təsdiqləyir: 'İrəliləyirik'

Yalta sərgisində Tramp və Putin təsvir olunduğu rəsm əsəri.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdığını və Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində irəliləyiş əldə etdiklərinə inandığını bildirib.

"Putinlə belə bir söhbətim olub... Mən daha çox belə danışıqlar aparmağı gözləyirəm. Biz bu müharibəni bitirməliyik", – Tramp Nyu-Orleanda keçirilən Amerika futbolu çempionatı – "Super Bowl"a gedərkən təyyarədə jurnalistlərə bildirib.

"Əgər biz danışıqlar aparırıqsa, bu barədə sizə məlumat vermək istəmirəm. Amma inanıram ki, irəliləyiş əldə edirik. Biz Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik", – o əlavə edib. Tramp danışıqların inauqurasiyasından əvvəl, yoxsa prezidentliyə başladıqdan sonra keçirdiyi barədə məlumat verməyib.

ABŞ dövlət başçısı administrasiyasının ukraynalı rəsmlərlə də təmasda olduğunu bildirib: "Biz hər iki tərəflə də danışırıq".

Prezident Trampın bu açıqlamaları Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatiyada mühüm bir həftənin başlanğıcına təsadüf edir.

Fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ağ evin Rusiya və Ukrayna üzrə əsas nümayəndəsi Kit Kelloqun, həmçinin ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Zelenski ilə görüşlər keçirəcəyi gözlənilir. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset isə Münhendə olacaqlar.

Tramp müharibəni bitirəcəyinə söz versə də, bunu necə edəcəyinə dair hələ ictimai şəkildə detallı plan təqdim etməyib.

Fevralın 8-də "The New York Post" tərəfindən dərc olunan müsahibədə Tramp ilk dəfə Putinlə danışdığını bildirib. Lakin o, söhbətin nə vaxt baş verdiyini açıqlamayıb və əlavə təfərrüat verməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə buna münasibət bildirərkən iki liderin danışmış olmasının mümkün olduğunu və bu barədə xəbərlə tanış olduğunu deyib.

"Vaşinqton administrasiyası fəaliyyətini davam etdirərkən müxtəlif formatlarda təmaslar baş verir və bu, müxtəlif kanallar vasitəsilə aparılır", – Peskov fevralın 9-da jurnalistlərə bildirib.

"Təbii ki, bu çoxsaylı təmasların fonunda mən şəxsən bəzi məsələlərdən xəbərdar olmaya və ya məlumatım olmaya bilər. Buna görə də bu barədə nə təsdiq, nə də təkzib verə bilərəm", - Putinin mətbuat katibi bildirib.

Fevralın 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə dövlət mediasına açıqlamasında Moskvanın danışıqlar aparmağa əsas verəcək qədər ciddi heç bir təklif almadığını bildirib.

Prezident Tramp fevralın 7-də bildirib ki, yaxın zamanda Zelenski ilə görüşə bilər. O, təfərrüat verməsə də, görüşün Vaşinqtonda keçirilə biləcəyini qeyd edib və əlavə edib: "Mən Kiyevə getməyəcəyəm".

Ukrayna prezidenti Zelenski isə Trampın Putinə təzyiq göstərərək müharibəyə son qoya biləcəyinə inandığını bildirib.

Fevralın 7-də Britaniyanın ITV telekanalına verdiyi müsahibədə Zelenski Ukrayna və Rusiya arasında danışıqların mümkün olduğunu, lakin bunun yalnız Qərbin Kiyevə dəstəyini davam etdirdiyi təqdirdə reallaşa biləcəyini vurğulayıb.

"Əgər ABŞ və Avropanın bizi tərk etməyəcəyinə, dəstək və təhlükəsizlik zəmanətləri verəcəklərinə əmin olsam, o zaman istənilən formatda danışıqlara hazır olaram", –Zelenski bildirib.

Rusiya parlamentinin beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski dövlət mediasına açıqlamasında Tramp-Putin görüşünün hazırlanmasının irəliləmiş mərhələdə olduğunu və fevral və ya mart aylarında baş tuta biləcəyini bildirib. Lakin Kreml bu məlumatı təsdiqləməyib.

Putin bir neçə dəfə Trampla müzakirəyə açıq olduğunu bildirsə də, ciddi ərazi güzəştlərini istisna edib və Kiyevin NATO-ya qoşulmaq niyyətindən imtina etməli olduğunu təkid edib.