Respublika Perinatal Mərkəzinin yeddi körpənin ölümünə yol açan yanğın üzündən cinayət məsuliyyətinə cəlb edilən keçmiş direktoru Mehriban Abasquliyeva olaya görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB-i) günahlandırır. O, Fövqəladə Hallar Nazirliyinin vaxtilə Perinatal Mərkəzdə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərdiyinə diqqət çəkir və maliyyə çatışmazlığını əsas gətirən TƏBİB-in gərəkən tədbirləri görmədiyini vurğulayır.
"Mən direktor təyin olunandan sonra öz vəsaitim hesabına bəzi işləri gördüm. Yeni doğulmuşlar palatasında cəmi üç işçi masa vardı. Onların sayını mən artırdım. Əlavə çarpayılar gətirtdim. Buna görə mənə təşəkkür eləmək lazımdır, amma əvəzində məni artıq xəstə qəbuluna görə ittiham edirlər", - bu sözlər M.Abasquliyevanın istintaqa ifadəsində yer alıb.
Təqsirləndirilənlərin heç biri həbsdə deyil
Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanğına görə M.Abasquliyeva ilə yanaşı, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin keçmiş müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinə rəhbərlik etmiş Elnur Əhmədli də cinayət məsuliyyətinə cəlb olunub. Onların üçü də birlikdə mühakimə edilir və hazırda heç biri həbsdə deyil.
Məhkəmədə M.Abasquliyevaya ifadə vermək təklif edilsə də, o, hazırda ifadə vermək istəmədiyini bildirib. Onun sözlərinə görə, zərərçəkənlərlə şahidlər dindiriləndən sonra ifadəsini verəcək.
Hakim keçmiş direktorun istintaqdakı ifadələrinin açıqlanmasına qərar verib. Özü və vəkilləri buna etiraz etsələr də, ifadələr məhkəmədə səsləndirilib.
M.Abasquliyevaya qarşı ittihamda yer alan məsələlərdən biri də Mərkəzdə nəzərdə tutulandan çox sayda xəstə olmasıdır. Keçmiş direktor bu ittihamı da qəbul etməyərək deyir ki, istər Bakıdakı, istərsə bölgələrdəki perinatal mərkəzlərdə çarpayı sayı az, xəstələrsə çoxdur.
Olay vaxtı Mərkəzdəki tibbi heyəti də qınayan keçmiş direktor ifadəsində yazıb ki, növbədə olan tibb bacıları, həkimlər, digər işçilər iki vedrə sudan və tezalışan yorğanlardan istifadə ediblər: "Halbuki, orada yanğınsöndürən balonlar vardı. Ondan istifadəni bacarmayıblar".
M.Abasquliyeva ifadəsində vurğulayıb ki, yaşananlara görə Perinatal Mərkəzə ondan öncə rəhbərlik etmiş Məryəm Rzayeva da məsuliyyət daşıyır. O, istintaqa ifadəsində M.Rzayeva haqqında cinayət işi başlanmasını da istəyib.
Yeddi körpənin ölümü ilə bağlı məhkəmə araşdırmaları martın 3-də davam edəcək.
Xatırlatma
Körpələrin ölümünə yol açan yanğın ötən ilin yanvarında baş verib.
Cinayət işinin materiallarında iddia olunur ki, M.Abasquliyeva 2022-ci il dekabrın 28-dən 2024-cü ilin yanvarınadək direktor olduğu dövrdə stasionar xəstə qəbulunu iki dəfəyədək artırıb. Nəticədə Mərkəzin iş yükü həddi aşıb, normal iş fəaliyyəti pozulub. İttihamda yazılıb ki, Perinatal Mərkəzdə elektrik təsərrüfatı çox yüklənib və sonda yanğına səbəb olub.
"2023-cü ilin iyun ayında Perinatal Mərkəzin Doğum şöbəsində - xəstələrin saxlandığı palatanın sanitar qovşağında baş vermiş yanğın ört-basdır edilib. Bu hadisə nəzarətedici orqanlardan gizlədilib, müəssisənin elektrik təsərrüfatı və yanğın təhlükəsizliyinə qarşı vəziyyətin yenidən nəzərdən keçirilməsi təmin edilməyib. Gələcəkdə eyni hadisələrin baş verməməsi üçün lazım olan tədbirlər görülməyib", - ittiham aktında belə yazılıb.
Perinatal Mərkəzin keçmiş rəhbərinə və iki şöbə müdirinə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. M.Abasquliyevanın üzərində, üstəlik, CM-in 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi də var.
Ancaq üç nəfərin heç biri ittihamı qəbul etmir. Onlar ittihama münasibət bildirərkən orada yazılanları "uydurma" adlandırıblar.
Yanğın nəticəsində Perinatal Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəydiyi iddia edilir.
Təqsirləndirilən şəxslərə ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.