Ötən ilin mayında Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev ölkənin texnologiya nəhəngi "Yandex"in hazırladığı "Alisa" cihazını tənqidə tutub. O, ukraynalıların Stepan Banderaya qoyduğu abidələr haqda suallara "Alisa"nın cavab verə bilməməsindən gileylənib. Bandera İkinci Dünya savaşında faşistlərlə əməkdaşlıq edərək sovet ordusuna qarşı üsyan qaldırmışdı.
Medvedev "Alisa"nın arxasındakı süni intellekti "son dərəcə qorxaq" adlandırıb və şirkət rəhbərinin xarici agent statusu almalı olduğuna eyham vurub. "Xarici agent" statusu Rusiyada hökumətin fərqli düşüncəni boğmaq üçün yararlandığı addır.
AzadlıqRadiosunun əməkdaşı Sergey Dobrıninin qələmə aldığı yazıda deyilir ki, "Alisa" Banderanın abidələrini tanımamaqla Ukraynanın nasistlərlə dolu ölkə olmasına dair Rusiyanın narrativinə kölgə salır. Başqa sözlə, Rusiya süni intellekti Kremlə qarşı çıxır.
Mütəxəssislərin xaricə kütləvi axını var
"DeepSeek" kimi Çin şirkətlərinin süni intellektin daha az xərclə yaradıla biləcəyini sübut etməsi fonunda Rusiyanın bu sahədə lider olmaq iddiaları ideoloji qadağaların yüküylə laxlayır. Texnologiya mütəxəssislərinin ölkədən kütləvi axını və Qərbin zəruri avadanlığa çıxışı kəsən sanksiyaları da öz sözünü deyir.
Rusiya prezidenti Vladimir Putin Rusiyanın gələcəyinin süni intellekt sahəsində olduğunu dilə gətirib. "Rusiya nəinki süni intellektin yaradılmasında, həm də onun həyatımızın, istisnasız, bütün sahələrinə nüfuz etməsində dünya lideri olmalıdır", - Putin ötən ilin dekabrımda hökumətin təşkil etdiyi AI konfransında belə deyib.
Beş il öncə Putinin bu sözləri daha gerçəkçi səslənə bilərdi. Rusiyanın kompüter mütəxəssisləri daha sürətli və effektiv AI modelləri yaratmaqla dünyanın diqqətini cəlb edirdilər. 2022-ci ildə Rusiyanın süni intellektin hazırlanması sahəsində aparıcı maliyyə şirkəti olan "Sber" mətni görüntüyə çevirə bilən "Kandinsky" adlı AI modelini hazırlamışdı. Bu model "OpenAI"in "DALL-E" və "Midjourney" modelləri ilə rəqabət aparmaq üçün düzəldilmişdi. Bu yenilik Rusiyanı süni intellektin idarə etdiyi kreativ məkanda ciddi iştirakçı mövqeyinə yerləşdirmişdi.
Rusiya beyinəbənzər öyrənməni təqlid etməklə süni intellekti gücləndirən sinir şəbəkə texnologiyaları hazırlama sahəsində də işlər görürdü. Rusiyalı kompüter alimlərinin dövlətlə iş təcrübəsi də vardı. Məsələn, üztanıma sistemləri 2020-ci ildən bəri Moskva metrosunun CCTV kameralarına birləşdirilib.
"Sber"in AI komandası ilə sıx bağlantılı, AzadlıqRadiosunun rus xidmətinə anonimlik şərti ilə danışan bir xarici AI mütəxəssisi deyib ki, o zaman "Rusiyanın görüntülər yaratmaq sahəsində dünya liderlərindən biri olmaq şansı vardı".
Ancaq sonra - 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdi və hər şey dağıldı. Bundan az sonra ABŞ və Aİ Rusiyanın texnologiya sənayesinə sanksiyalar tətbiq etdi. Kremlin hərbi imkanlarını və iqtisadiyyatını zəiflətmək məqsədi daşıyan sanksiyalar Rusiyaya yarımkeçiricilərin, ikili istifadə üçün texnologiyaların və qabaqcıl hesablama avadanlıqlarının satışını yasaqladı.
Nəticələr Rusiya üçün ürəkaçan olmadı
Süni intellektin onurğa sütununu qidalandıran qrafik emal birlikləri (GPU) sahəsində ixtisaslaşan ABŞ texnologiya şirkəti NVIDIA dərhal Rusiyaya çip satışını dayandırdı. Amerika texnologiyasından yararlanan "Taiwan Semiconductor Manufacturing Company" də Rusiyaya çip göndərməyə son verdi.
"Sber"in daxilindəki proseslər haqda bilgili ekspertin dediyinə görə, 2022-ci ilin fevralından bəri şirkət cəmi 9 minədək GPU toplaya bilib. Müqayisə üçün, "Microsoft" təkcə ötən il 500 minə yaxın GPU toplayıb.
Rusiya Çin və Hindistandan GPU-lar kimi mürəkkəb hissələr almaqla sanksiyalardan yayınmağa çalışıb. Ancaq bu ölkələrdəki şirkətlər də Rusiyanı təmin etdikləri üçün sanksiya hədəfi olmaq istəmədiklərindən belə sövdələşmələrdən ehtiyatlanır.
Seçimləri kəskin azalan Rusiya Qazaxıstan kimi ölkələrə üz tutmalı olub. Bu cür ölkələrin çiplərə sürətli çıxışı yoxdur və onlar çox sayda çip ala bilmir. Daha pisi də odur ki, çiplər yansa, NVIDIA kimi şirkətlər Rusiyaya satılan çipləri yeniləmir.
Rusiya təkcə ehtiyat hissə qıtlığından deyil, insan qıtlığından da əziyyət çəkir. Ukraynada apardığı müharibə bu problemi daha da dərinləşdirib.
2022-ci ilin yayında "Sber"in "Kandinsky"ni təqdim etməsindən az sonra bu layihədə çalışan mütəxəssislərin çoxu artıq ölkəni tərk etmişdi.
"Mən bu komandadan olan developerlərdən biri ilə danışdım. …O, zarafatla dedi ki, müharibə başlayandan sonra rusiyalı, demək olar, ən yaxşı sinir-şəbəkə görüntü yaratma mütəxəssislərinin hamısı Yerevanda kirayə tutulmuş bir mənzildə məskunlaşıb. Həmin developer az sonra bir Qərb şirkətində özünə iş tapıb", - yuxarıda sözügedən xarici AI mütəxəssisi AzadlıqRadiosuna belə deyib.
"Sber" beyin axınının onun işinə təsirini kiçiltməyə çalışsa da, rəqəmlər çox ciddidir. Rusiyanın rəqəmsal inkişaf, kommunikasiyalar və KİV naziri Maksut Şadayev deyib ki, 100 min IT mütəxəssisi, yəni ölkənin texnologiya sahəsindəki mütəxəssis ordusunun 10 faizə yaxını 2022-ci ildə Rusiyanı tərk edib. Bir çoxları 2022-ci ilin fevralında - müharibə başlanınca, ölkədən gedib. 2022-ci ilin sentyabrında hərbi səfərbərlik elan ediləndə isə daha bir böyük axın baş verib.
Xaricdə maaşlar daha yüksək, iş mədəniyyəti daha yaxşıdır
Çox sayda ixtisaslı IT işçisi xaricə köçərək BƏƏ, Gürcüstan, Ermənistan və Serbiya kimi ölkələrdə Rusiyadan qaçan texnologiya mütəxəssislərinin hablarını yaradıblar. Maaşlar daha yüksək, innovasiya və birgə iş mədəniyyəti isə daha yaxşı və daha açıq olduğu üçün onların çoxu getdikləri yerlərdə qalmağa üstünlük verir.
Rusiya maaşları artırmaq, habelə Kazan və Novosibirsk kimi şəhərlərdə yerli tədqiqat mərkəzləri yaratmaqla bu beyin axınının önünü kəsməyə çalışsa da, bu, sadəcə, okeanda bir damla sayıla bilər.
Kremlin ideoloji çərçivələri işləri daha da çətinləşdirir. Putin bir zamanlar Qərbin irəlidə olduğu internet şəbəkəsini Rusiyanın güvənliyinə təhdid saydığı kimi, indi də AI-ın inkişafına eyni prizmadan baxır.
2023-cü ildə "Sber"in keçirdiyi konfransda danışan Putin Qərbin GPT-4, yaxud "Gemini" kimi iri dil modellərinin (LLM) Rusiyaya yarada biləcəyi təhlükələrə diqqət çəkərək deyib ki, belə LLM-lər "sadəcə, Rusiya mədəniyyətini görməzdən gələ və onu silə və bizim qarşı çıxdığımız dəyərləri yeridə bilərlər".
Medvedevin "Alisa" ilə qarşıdurması, sadəcə, aysberqin görünən ucudur. "Meduza"nın bir rusiyalı müxbiri sonradan "Alisa"nın nəinki Banderadan, heç Vladimir Putinin özündən də danışmaq istəmədiyini üzə çıxarıb.
Rusiya Qərbdən gələn bu təhlükə ilə mübarizə aparmaq üçün özünün AI modellərini yaratmaq istəyir. Ötən ilin dekabrında Kremlin əsas ideoloqlarından biri olan Aleksandr Duqin deyib ki, "Rusiya süni intellektin rus versiyasını – yəni düşünmədən təkcə Krımın kimə aid olduğunu deyil, Kiyevin, Xarkovun və Odessanın kimə aid olduğunu deyən rus süni intellektini yaratmalıdır".
Ötən ilin sonlarında Putin hökumətə və "Sber"ə süni intellekt sahəsində Çinlə əməkdaşlığı dərinləşdirməyi tapşırıb. Fevralın 6-da "Reuters" "Sberbank"ın birgə AI layihələri sahəsində Çin tədqiqatçıları ilə əməkdaşlıq etməyi planlaşdırdığı haqda xəbər yayıb.