Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 00:58

USAID-in yardımının dayandırılmasının təsirləri Ukraynada özünü göstərir


USAID Ukraynada səhiyyə layihələrini də maliyyələşdirib.
USAID Ukraynada səhiyyə layihələrini də maliyyələşdirib.

AzadlıqRadiosunun beynəlxalq müxbiri Rey Förlonq məqaləsində qeyd edir ki, USAID-in maliyyə yardımlarını dayandırması Ukraynada qeyri-hökumət, xeyriyyə təşkilatlarının fəaliyyətinə çətinlik yaradır. Müəllif nümunə olaraq bildirir ki, USAID-dən dəstək alaraq müharibə veteranları və onların ailələri ilə işləyən Ukrayna xeyriyyə təşkilatlarından birinin fəaliyyətini dayandırdığını açıqlayıb: "Onlar tək deyil. Ölkə üzrə bizneslər və qeyri-hökumət təşkilatları maliyyə dəstəyinin kəsilməsi ilə əlaqədar çətinliklərlə üzləşir".

Müəllif qeyd edir ki, belə təşkilatlardan biri olan "Dostupno" xeyriyyə təşkilatının direktoru Natalya Parxitko AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, indi o, "komandasını xilas etmək üçün hər şey edir". Parxitko maliyyə yardımının dayandırılması xəbərini "şok" adlandırıb.

Förlonq xatırladır ki, ABŞ prezidenti Donald Tramp yanvarın 24-də xarici yardımların 90 gün dayandırılması ilə bağlı göstəriş verərək USAID-in fəaliyyətini məhdudlaşdırıb. Fevralın 3-də agentliyin işçiləri Vaşinqtondakı ofislərindən çıxarılıb və xaricdəki əməkdaşları da geri çağırılıb.

ABŞ hökumətinin əsas qurumu olaraq xarici mülki və inkişaf yardımlarını idarə edən USAID 100-dən çox ölkədə fəaliyyət göstərir. Agentliyin dünyanın müxtəlif nöqtələrində təxminən 10 mindən çox işçisi çalışır.

Ancaq Tramp administrasiyası USAID proqramlarını "səmərəsiz" adlandırıb və ABŞ-nin maraqları ilə üst-üstə düşmədiyini bildirib. Yeni administrasiya agentliyin bəzi funksiyalarının ABŞ Dövlət Departamenti tərəfindən yerinə yetirilə biləcəyini bəyan edib

AzadlıqRadiosunun müxbiri Förlonq qeyd edir ki, "Dostupno" xeyriyyə təşkilatı fiziki məhdudiyyətli şəxslər üçün müyəssərlik məsələləri üzərində illərdir işləyir. Bu problem indi daha aktualdır, çünki 2022-ci ildə Rusiya tərəfindən Ukraynaya qarşı başladılan tammiqyaslı işğalçı müharibə nəticəsində ölkədə əlilliyi olan şəxslərin sayı ciddi şəkildə artıb.

Təşkilatın direktoru Parxitko bildirib ki, indi onlar alternativ maliyyə mənbələri axtarırlar.

"Biz heç kimi düşünməyə belə qoymayacağıq ki, "Dostupno" bütün layihələri dayandıracaq və fəaliyyət göstərməyəcək. Maliyyənin dayandırılmasına baxmayaraq, fəaliyyətimizi davam etdirəcəyik", –o söz verib. Hazırda "Dostupno" işçilərin maaşlarını ödəməkdə çətinlik çəkir.

Ukraynanın kənd təsərrüfatı sektoru USAID-in əsas benefisiarı olub.
Ukraynanın kənd təsərrüfatı sektoru USAID-in əsas benefisiarı olub.

Ukraynanın kənd təsərrüfatı USAID-in əsas benefisiarlarından biri olub

Müəllif qeyd edir ki, USAID-in yardımlarından faydalanan əsas benefisarlardan biri də Ukraynanın kənd təsərrüfatı sektorudur. USAID-in hesabatına görə, 2022-ci ildən bəri Ukrayna fermerlərinin üçdə birinə dəstək verilib.

Ölkədə fermerləri dəstəkləyən və kənd təsərrüfatı islahatlarını təşviq edən qeyri-hökumət təşkilatı - Ukrayna Kənd Təsərrüfatı Şurası da USAID-in yardımından faydalanıb. Şuranın rəhbəri Andriy Dıkun AzadlıqRadiosuna bildirib ki, USAID-in dəstəyi əvvəlki işğal olunmuş və cəbhə xəttində yerləşən ərazilərdə kiçik və orta kənd təsərrüfatı müəssisələrinin fəaliyyətini bərpa etməsi və ya məhsullarını saxlaya bilməsi üçün çox vacibdir.

"Məsələn, taxıl saxlama kisələri, quruducular, gübrələr, toxumlar verilib. USAID-in dəstəyi ilə torpaq islahatları fəal şəkildə həyata keçirilib. İndi isə biz su istifadəçiləri assosiasiyasını qurmağa çalışan fermerləri dəstəkləyərək irriqasiya sistemində islahatlarının inkişafı üzərində birgə işləyirik", –o, əlavə edib.

"Qrantlar, məsləhət xidmətləri, hüquqi dəstək – bunların hamısı Ukrayna fermerləri üçün əhəmiyyətli yardımlardır", – Dıkun vurğulayıb.

R.Förlonq əlavə edir ki, USAID-in fəaliyyətini dayandırması Ukrayna hökumətinə də təsir göstərir, çünki energetika, səhiyyə, təhsil nazirlikləri, yerli dövlət qurumları və digər dövlət orqanlarının büdcələri dəstəklənirdi.

Ukraynalı millət vəkili İnna Sovsun keçən ilin sentyabrında yalnız enerji sektorunun dəstəklənməsi üçün 325 milyon dollar ayrıldığını bildirib. Bu sektor çox sıx şəkildə Rusiya bombardmanlarına məruz qalır.

USAID-in Ukraynadakı fəaliyyətini səkkiz ildir çəkdiyi fotoları ilə sənədləşdirən fotoqraf Vladislav Sodel bu agentliyin illər ərzində maliyyələşdirdiyi layihələrin miqyası və müxtəlifliyinin onu heyrətləndirdiyini söyləyib: "Qaçqınlar üçün sığınacaqda bir yataq və döşəkdən tutmuş... bizim enerji şəbəkələrinin sabitliyinə milyardlarla dollar sərmayəyə qədər".

"USAID-in dəstəyi ölkədə qaydaları köklü şəkildə dəyişdi, bu, yüz minlərlə ukraynalının həyatını təsir edib, ləng dövlət aparatına yeni standartlar gətirib", –fotoqraf əlavə edib.

XS
SM
MD
LG